Ana səhifə   Kitabxana haqqında     Tədbirlər     E- kitabxana     E- kataloq     Normativ hüquqi sənədlər     Əlaqə


    

Quba – Qusar batalyonu iştirakçılarının nəzərinə!

Quba - Qusar batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmiş döyüşçülər, itkin düşənlər və şəhid olan həmyerlilərimiz barədə məlumatların, fotoşəkillərin və digər sənədlərin Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə təcili olaraq təqdim etməyinizi Sizdən xahiş edirik.

Qeyd: Tələb olunan məlumatlar, fotoşəkillər və digər sənədlər hüquq elmləri namizədi Əli Eyvazovun “Bir batalyonun tarixi” adlı kitabının II cildinin hazırlanması üçün tələb olunur.

Kitabxananın ünvanı:
Quba şəhəri, Heydər Əliyev prospekti 165.
(+0169) 5-29-24
          (050)   349 88 48

Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri namizədi, fəlsəfə doktoru Əli Eyvazovun “Bir batalyonun tarixi” adlı kitabının elektron forması istifadəyə verildi



2 noyabr 1993-cü il Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Ermənistan silahli qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı Milli televiziya və radio ilə xalqa müraciəti

«Xalqımız qəhrəman xalqdır, millətimiz də özünü müdafiə etməyə qadirdir». Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev

1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızı Vətən uğrunda mübarizəyə səfərbər etmişdir. O, çağırışlarının birində demişdir: «Hər bir azərbaycanlı bilməlidir ki, indi vətəni qorumaq üçün hərə öz payını verməlidir. Indi hər kəs müsəllah əsgər olmalıdır. Bundan artıq vəzifə yoxdur!»
Ümummilli liderin bu sözlərini özlərinə örnək edən Qubanın mərd, igid və qeyrətli oğulları da erməni işğalçılarına qarşı mübarizəyə qalxmışdılar. Heydər Əliyevin xalqa müraciətindən sonra yüzlərlə soydaşımız kimi cəbhəyə yola düşən 23-cü könüllü Quba-Qusar motoatıcı batalyonunun üzvləri cəbhə bölgəsində qəhrəmanlıq və igidlik göstərmişlər. Yüzlərlə gənclər Quba-Qusar batalyonunun tərkibində könüllü olaraq ermənilərə qarşı şücaətlə vuruşmuşlar. O günlərdə Quba-Qusar batalyonu «Ayağa qalx, Vətən oğlu!» devizi ilə yaşayırdı.
Bu batalyonun saxlanılması xərclərini rayon ictimaiyyəti öz üzərinə götürmüşdür. O zaman hamı qubalı döyüşçülərin qayğıları ilə yaşayırdılar. Onlar üçün cəbhəyə ərzaq məhsulları, isti paltar göndərirdilər. Hamı cəbhəyə yardım etməyi ön plana çəkmişlər. Əsgər ailələrinə müəyyən köməkliklər göstərilirdi. Torpaqlarımızın ermənilərdən azad edilməsində yüzlərlə qubalı cəbhələrdə döyüşmüş, onlarla igid oğlanlarımız döyüş meydanlarında şəhid olmuşlar. Həmyerlilərin bir batalyonda xidmət etməsi əsgərlərdə bir-birinə daha çox etibar yaradırdı. Ana Vətən darda idi, onu xilas etməyi hamı özünə borc bilirdi. Azərbaycan dövlətçiliyi və xalqı böyük təhlükə qarşısında idi. Məkrli düşmənimiz ermənilər və onların havadarları Azərbaycan xalqını məhv etmək məqsədlərini qarşıya qoymuşlar.
Quba-Qusar batalyonuna o zaman Quba rayonunun prokuroru vəzifəsində çalışan polkovnik Əli Eyvazov başçılıq edirdi. O, gəncləri Vətən məhəbbəti, təəssübkeşliyi ruhunda böyütmək və tərbiyə etmək vəzifəsini həyata keçirirdi. Onun gördüyü işlər nəticəsində könüllülərin sayı artırdı.
Vətən torpağı hamı üçün əziz və doğmadır. 16 nəfər Alpan kənd gəncləri Heydər Əliyevin müraciətindən sonra ordu sıralarına getmişdir. Könüllülər bildirirdilər ki, onlar hökmən erməni quldurlarını torpaqlarımızdan qovulması uğrunda genişlənən ümumxalq hərəkatında yaxından iştirak edəcəklər.
Erməni təcavüzkarlarına qarşı döyüşlər Xocavənd, Beyləqan istiqamətində, habelə Füzuli rayonunda aparılırdı.
Quba-Qusar batalyonunda xidmət edən hər bir fədakar oğula yaxından köməklik göstərilirdi. Batalyonun komandiri polkovnik Əli Eyvazov onların qayğıları ilə yaşamağı bacarırdı. Bu batalyon döyüş bölgəsinə gəldiyi ilk gündən özünə böyük hörmət qazanmışdır. Sıravi əsgərdən tutmuş yüksək rütbəli zabitə kimi hamı verilmiş döyüş tapşırığını dəqiq yerinə yetirirdi. Elə bunun nəticəsidir ki, hərbi qərargah tərəfindən batalyonun işinə yüksək qiymət verilmişdir. Beyləqan bölgəsində hücuma keçən düşmən Quba-Qusar batalyonunun döyüşçülərinin mərdliyi və igidliyi nəticəsində əvvəlki mövqelərinə geri oturdulmuşdur. Erməni qəsbkarları arasında fərarilik halları çoxalmışdır.
Ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra döyüşən ordumuza kömək gündən-günə artırdı, ön cəbhə ilə arxa cəbhə arasında əlaqələr daha da möhkəmlənirdi. Ziyalılar, mədəniyyət işçiləri, dövlət rəhbərləri hər gün cəbhə xəttinə gedərək döyüşçülərlə söhbətlər aparmışlar.
Quba-Qusar batalyonunun əsgərlərinə şerlər ithaf olunurdu:
Eşidənlər alqış dedi, əhsən dedi əzminizə,
Sizi qeyrət gətiribdir Beyləqana, qubalılar!
«Ana», «Vətən» kəlmələri müqəddəsdir bizim üçün,
Uğur deyir yolunuza hər bir anna, qubalılar!
Hər biriniz bir cəngavər, igid ərlər oğlusunuz,
Yağılara sinə gərən qorxmaz nərlər oğlusunuz,
Bu torpağın qədir bilən, vətənpərvər oğlusunuz,
Durun döyüş meydanında mərd-mərdana, qubalılar!
Quba-Qusar batalyonunun 3-cü rota komandiri İsmayıl Babayev, 2-ci rota komandiri İsmət Cəfərov, 1-ci rota komandiri Gülağa Sultanov və başqaları döyüşlərdə xüsusi şücaət göstərmişlər.
Hansısa şəhidin sözüdür: «Vətəni, Qarabağı televizor qabağında qorumaq olmaz, nə qədər rahat, nə qədər yaxın otursan da, lap ikiəlli qucaqlasan da Vətən qorunmaz». Bax məhz bu batalyon televizor qabağında oturmadı. O, könüllülərdən doğuldu. Onun ömrü uzun olmasa da (dekabr, 1993 – fevral, 1994) o, böyük işlər gördü.
Bu zaman çərçivəsində isə bütün bir həyat yaşanmışdır. Haqsız qan yerdlə qalmaz. Quba-Qusar könüllülər batalyonunun tarixə dönmüş yaranması (demək olar ki, 10 gün ərzində yaranmışdır) və 480 nəfər insanların taleyi tarixə çevrilmişdir.
Həmin şəxslərdən 43 nəfər döyüşlərdə həlak olmuş, 5 nəfər itkin düşmüş, 111 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almış, bir çoxu əlil olmuşdur. Hər il 27 dekabr tarixi Quba-Qusar batalyonunun yaranma günü kimi Quba rayonunda təntənəli qeyd edilir.
Şəhidlərin əziz xatirəsi yad edilir, əlillərə və şəhid ailələrinə baş çəkilir.


VETERANLAR GÖRÜŞDÜLƏR

Quba batalyonun yaranması şanlı tariximizin çox ağır günləriunə təsadüf edir. 1993-cü ilin noyabr-dekabr aylarında bütün cəbhə boyu ağır döyüşlər gedirdi. Erməni işğalçıları Beyləqan rayonu sərhədlərinə qədər irəliləmişdilər. Belə bir vaxtda Azərbaycan Respublikası Prezidenti H. Əliyev xalqa müraciət etdi. Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə minlərlə gənc, o cümlədən qubalı gənclər də könüllü olaraq cəbhəyə yola düşdülər. Noyabr-dekabr aylarında 23 saylı Quba-Qusar özünümüdafiə batalyonu yaradıldı. Ilk döyüşə dekabr ayının 27-də girən Quba batalyonu qısa müddətdə şərəfli bir yol keçdi.
Bu günlərdə-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində bir araya gələn veteranlar əvvəlcə “Şəhidlər xiyabanı”nı ziyarət etdilər. Öz döyüş yoldaşlarının məzarları üstünə tər qərənfillər düzdülər.
Sonra şəhər icra nümayəndələyinin iclas zalında yığıncaq keçirildi. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) rayon şöbəsinin sədri İ.Babayev, AVMVB-nin sədr müavini M.Hacıyev rayon hərbi komissarının vəzifələrinin icraçısı Y. Məmmədov çıxış edərək veteranlara, şəhid ailələrinə, əlillərə göstərilən qayğıdan və onların problemlərindən danışdılar.
Yığıncaqda vahid bir fikir vurğulandı ki, Vətən torpaqlarını işğaldan azad etmək üçün, lazım gələrsə, veteranlar yenidən döyüş meydanına atılmağa hər an hazırdırlar.

                                                “Şəfəq” qəzeti. -30 dekabr.-2009-cu il

Quba-Qusar batalyonunun qəhrəman döyüşçüləri



Quba rayonu haqqında
Quba rayon İcra
hakimiyyəti

Turizm gözəllikləri
Qəçrəş
Xınalıq
Çox oxunan kitablar
Muzeyin eksponatları
Cənnət bağı
Qonaqkənd
Görkəmli şəxslər
Abidələrimiz
1918-ci il soyqırımı
Azsaylı xalqlar
Quba-Qusar batalyonu
haqqında

Quba-Qusar batalyonunun
şəhid olan döyüşçüləri