Ana səhifə   Kitabxana haqqında     Tədbirlər     E- kitabxana     E- kataloq     Normativ hüquqi sənədlər     Əlaqə


Qubada bir sıra görkəmli şəxsiyyətlər yetişmişdir. Görkəmli dövlət xadimi və sərkərdə Fətəlixan, Azərbaycanın ilk dramaturq qadını Səkinəxanım Axundzadə, məşhur astronom Nadir İbrahimov, Azərbaycanın ilk rəsam qadını Reyhan Topçubaşova, əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü, SSRİ dövlət mükafatı lauriatı Əliheydər Orucov, tibb elmləri doktorları Mustafa Əfəndizadə, Leyla Məmmədbəyova, akademik Azad Nəbiyev, professorlar Maqsud Hacıyev, Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə, Şahin Fərzəliyev, Məcnun Babayev, Vaqif Piriyev, Sosialist Əməyi Qəhrəmanları Abuzər Bayraqdarov, Tahir Cəbrayılov, əməkdar artist Fatma Mehrəliyeva, xalq artistləri Zümrüd Məmmədova və Afaq Bəşirqızı, Azərbaycan Respublikasının Müdafiə Naziri general Səfər Əbiyev, general Yaşar Aydəmirov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyinqulu Bağırov nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda belə tanınmışlar.

Fətəli xan Qubalı
Quba hakimi

Fətəli xan Hüseynəli xan oğlu 1735-ci ildə Quba şəhərində anadan olmuşdu. 1758-ci ildə atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmışdır. Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmışdır. Nadir şah Avşarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən Azərbaycaın müstəqil və abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı ittifaqa gəlməyən xanlıqları birləşdirınək üçün silaha əl atmağa məcbur olmuşdur. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etdi. Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirınəyə nail oldu. Həmin illərdə (1769-cu ildə) Qafqaza səyahət etmiş akademik S.Q.Qmelin igid sərkərdə Fətəli xan Qubalının xalq arasında böyük ehtirama layiq olduğu haqqında iftixarla yazır: "Dərbənd əhalisi onu sevirdi. Şamaxı təəbələri Fətəli xandan razı idilər. Bakı əhalisi, onun vergi, toplamaqla kifayətlənməyib, Bakıya sahib olmasını istəyirdi. Fətəli xan Azərbaycanı birləşdirınəyə 1759-cu ildə Dərbənddən başlamışdı. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı". Ayrı-ayrı sənədlər və onun müasirləri olan tarixçilər şahidlik verir ki, Fətəli xan hakimiyyəti saxlamaq üçün ilk növbədə güclü qoşun yaratmışdı. Müharibədə könüllülərdən, partizan dəstələrindən və birləşmiş nizami qoşun dəstələrindən daha çox istifadə olunurdu. Müasirləri Fətəli xanı mahir və istedadlı dövlət xadimi kimi xarakterizə edirlər. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov yazır ki, Fətəli xan öz ağlı, səxavəti və bacarığı nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra ağıllı və çalışqan hakim olduğunu göstərdi; bütün ətrafindakı adamları özünə cəlb etdi, düşmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi. Azərbaycan hərb tarixində igid sərkərdə kimi xatırlanan Fətəli xan 1788-ci ildə vəfat edib.

Hüseynqulu Bağırov
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri.

Hüseynqulu Bağırov 1955-ci il anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib.
1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.
1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib. 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib. 2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziridir. 2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti seçilmişdir.

Afaq Bəşirqızı
Aktrisa

Afaq Bəşir qızı 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni marif fakultəsində təhsil almışdır. Ailəlidir, bir oğlu var.
Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.
1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Artıq, əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə klassik nümunədir. Eyni adlı filmin xalq tərəfindən sevilməsində də Afaq xanımın xidməti böyükdür.
1989-cu ildə Afaq Bəşir qızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o "Subaylarınızdan görəsiniz" əsərində – Səməni, "O olmasın, bu olsun"da - Sənəm, "Bankir adaxlı" tamaşasında – Nisə, "Məhəbbət oyunu" tamaşasında – Səltənət, "İtgin ər"də -Məleykə, "Məsmə xala dayımdır"da – Məsmə və s. tamaşalarda baş və əsas roları oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olmuşdur.
«Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi «Bəxt üzüyü», «Girov» filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olmuşdur.
Afaq Bəşirqızının milli televiziyada yaratdığı Zəhra xalaqızı («Yaşıl eynəkli adam»), Suğra («Bala bəla sözündəndir»), Darçınbəyim («Evləri köndələn yar»), Ayka («Yarımştat»), Gülya («Nekroloq») rolları aktrisanı daha da məşhurlaşdırmışdır.
Yaradıcılığının ən güclü çiçəklənmə dövrünü keçirən Afaq xanım, bu gün də fəal axtarışlardadır. O, 7 ildir ki, İncəsənət Universitetində aktyorluq kursunu aparır. A.Bəşirqızı 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" adına layiq görülüb. O, 2 dəfə – 1993-cü və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. Prezident mükafatçısıdır. Aktyor Bəşir Səfəroğlunun qızıdır.

Filmləri

1. Bəşir Səfəroğlu (1969)
2. Evləri Köndələn Yar (1982)
3. 20+1 (1986)
4. Gözbağlıcı (1986)
5. Bəxt Üzüyü (1991)
6. 777 Nömrəli İş (1992)
7. Bala-Başa Bəla! (1995)
8. Yarımştat (1996)
9. Yaşıl Eynəkli Adam-2 (1999)
10. Nekroloq (2001)
11. Yaşıl Eynəkli Adam-3 (2002)
12. Dəvətnamə (2003)
13. Girov (2005)
14. Bankir Adaxlı (2008)


Quba rayonu haqqında
Quba rayon İcra
hakimiyyəti

Turizm gözəllikləri
Qəçrəş
Xınalıq
Çox oxunan kitablar
Muzeyin eksponatları
Cənnət bağı
Qonaqkənd
Görkəmli şəxslər
Abidələrimiz
1918-ci il soyqırımı
Azsaylı xalqlar
Quba-Qusar batalyonu
haqqında

Quba-Qusar batalyonunun
şəhid olan döyüşçüləri